Elə bilirdim dünyada ondan gözəli yoxdur və heç vaxt olmayacaq. Xalxın uşağı bağçaya mələyə-mələyə gedəndə, mən onun eşqinə uça-uça gedirdim. O, zəhləmiz gedən "qarox supu"nu, suyun içində üzən pörtləmiş qreçkaları gözümə təpirdim. Qorxurdum ki, yemək yeməsəm məni bağçaya aparmazlar. Oyun vaxtı qrupdakı oğlanlar at çibini kimi yığışırdılar bu qızın başına, biri o tərəfə dartırdı, biri bu tərəfə. Qısqanclıqdan dəli olurdum, amma qorxudan heç birinə söz deyə bilmirdim. Şənliklərdə o qız kraliça olurdu, bütün oğlanlar onun əlindən tutsunlar deyə kral olmaq istəyirdilər. Şir, pələng, canavar rolları da hörmətli rollar sayılırdı. Mənə isə nə qədər canfəşanlıq eləsəm də bəzən dovşan, əsasən də eynəkli, qara, qıvrımbaş və çəlimsiz olduğuma görə kor sincab rolunu verirdilər.
Həftəsonlarından xoşum gəlməzdi, səbrsizliklə bağçaya gedəcəyim günü gözləyirdim. Onun gözünə girmək üçün hər hoqqadan çıxırdım. Bir dəfə həyətdəki "kalabok"un (biz ona "qribok" deyirdik) üstündən yerə atlamışdım ki, onun xoşuna gəlim. Məndən başqa oradan tullanan oğlanların heç birinə heç nə olmadı, mənim ayağıma yoğun bir gips qoydular.
Bu hadisədən sonra həyatım dəyişdi.
Əlində əsa, ayağı gipsdə olan yeganə uşaq olduğum üçün hər kəsin sevimlisinə çevrilmişəm.
Biri qolumdan tutur, biri ayağımdan, biri əsamı gətirir, biri çantamı. Birini su dalınca göndərirəm, birini meyvə. O, qızcığaz da pərvanə kimi başıma dolanır. Hər fürsətdə əlimdən tutub yaralı əsgər kimi məni o yana - bu yana sürüyür. Onun yanında pişik balası kimi əzizlənirəm, başqalarının yanında isə ayağımın qırılmasını az qala Van Damın kinosuna döndərmişəm. Hadisəni danışdıqca hamısı nəfəslərini çəkib, ağızlarını ayırıb elə həvəslə qulaq asırlar, suallar verirlər: "Çox ağrıdırdı? Həkim ayağını kəsdi? Gipsin içindəki sənin öz ayağındır yoxsa rezindən təzəsini düzəldiblər və s?". Mən də hərəyə bir cavab veririəm. Haqqımda əfsanələr dolaşır, mənimlə bir stolda oturmaq, yanımdakı çarpayıda yatmaq üstündə qırğına çıxırlar. Daha heç kəs şənliklərdə kral olmaq istəmir, valideynlər müəllimi boğur ki, mənim uşağım eynəkli kor sincab olmalıdır, Vəssalam!
#Admin
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 9