Deyəsən bu dünya çevrilib daşa,
Ağıla gəlməyən gəlirmiş başa,
Baxmır qar-borana, baxmır yağışa,
Hər gün dağdan ağır qisməti dartır,-
Bir ana tinlərdə göyərti satır!
Özü doğma ikən övladlar yaddı,
Ana müqəddəsdi, gözdən kim atdı,
Qızları öz isti evinə şaddı,
Oğlu vəzifəli, təhsilli qatır, -
Bir ana tinlərdə göyərti satır!
Müştəri "ay ana "dedikcə çaşır,
"Can bala " deyəndə dili dolaşır,
Adamın ayağı yerə yapışır,
İçimin naləsi göylərə çatır, -
Bir ana tinlərdə göyərti satır!
Niyə doğanaqdan kecmir bu örkən,
Əzabın rəsmidi bu üz, bu görkəm,
Nəvə-nəticəyə şad olmalıykən,
Yadlığın ağrısı, acısın dadır, -
Bir ana tinlərdə göyərti satır!
Dərd üstünə gəlir, çəkilə bilmir,
Olüb bu torpağa əkilə bilmir,
Üzümə baxmağa dikələ bilmir,
Canıma dərd satır, göynərti satır,
Bir ana tinlərdə göyərti satır!
Dünyası qərq olub alın çatında,
Vaxtı hələ qalıb göy saatında,
Bəylər öz kefinin yeddi qatında,
Pərqu xumarında xanımlar yatır, -
Bir ana tinlərdə göyərti satır!
Nə dostda vəfa var, nə yarda yarlıq,
Ana da edərmis kiməsə darlıq,
Ayaqda sürünür müqəddəs varlıq,
O üzdən bu dünya dağılır, batır, -
Bir ana tinlərdə göyərti satır!
Məmməd Qədir
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4
Amma tabloya tessufler