Siyasi fəaliyyəti= "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur.
Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki heykəli =(Azərbaycanda yegəni bi heykəldir)
Qəzet öz nəşrini dayandırdıqdan sonra 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir.
İranda=1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, "İran-nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İran-nou" 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur". İranda həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur.
Türkiyədə=Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusif bəy Akçuralı, Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur.
Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi Odlu Yurd dərgisi
Türkiyədə Rəsulzadə hələ İstanbulda onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik Müsavat partiyasına" daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir. Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir.
Bakıya qayıdışı=1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir.
“Hümmət” partiyasının yaradıcılarıyla birgə. Soldan sağa: Məşədi Əzizbəyov, Əjdər Məlikov, Əsədulla Axundov və Məhəmməd Əmin Rəsulzadə
1917-ci ildə fevral burjua inqilabı baş verdi. Həmin ilin martında açıq fəaliyyətə başlamış "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzeti yazırdı:
"Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişik".
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul etdi.
Bu dövrdə M.Ə.Rəsulzadə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökümət faydalıdır?" kitablarını çap etdirmiş, onun Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə "Şəkli idarə haqqında iki baxış" adı altında çap olunmuşdur.
May ayda M.Ə.Rəsulzadənin redaktorluğu ilə "Qardaş köməyi" jurnalı çap olundu, ancaq jurnalın bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik Müsavat partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başladı. Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukraynanın, Gürcüstanın və ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstanbulda təşkil olundu.
1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti=1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi:
"Dünya müharibəsi və rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor".
Məhəmməd Əmin Rəsulzadə yoldaşları ilə. Sağdan sola: Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılov, Nəsib bəy Yusifbəyli, Mirzə Məmməd Axundov, Məhəmməd Əmin Rəsulzadə, Məmməd Əli Rəsulzadə, Tağı Nağıyev
M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ Birinci dünya müharibəsi ərəfəsində "Dirilik" jurnalı səhifələrində qaldırdığı və sonralar 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan "Azərbaycan qayəsindən" söhbət açır. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı ki, edilən bütün ədalətsizliklər sona bitsin. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir:
"Biz o zaman, bizim üçün ən yaxşı məsələni – Azərbaycan muxariyyətini müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Buna baxmayaraq "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır."
Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir.
Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır:
"M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar. Biz öz tərəfimizdə artıq iki partiyaya malik idik. "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi".1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanında" qeyd edilib ki, M.Ə.Rəsulzadə BDU-nun Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixindən" dərs demişdir.
O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, "Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar".
Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş, lakin geniş oxucu kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında M.Ə.Rəsulzadənin "Azərbaycan Respublikası" adlı əsəri işıq üzü görmüşdür.
Rəsulzadə və Stalin= Rəsulzadənin Türkiyədə çıxardığı Kurtuluş dərgisi
Əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə ilə M.Ə.Rəsulzadənin tanışlığı olmuşdur. İstanbulda çıxan "Dünya" qəzetindəki M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq M.Ə.Rəsulzadə onu ölümdən xilas etmişdir və o, Müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olmuşdur.
1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan "Novıy Vostok" jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, jurnalın 2-ci nömrədə M.Ə.Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Ancaq saydakı xəbərə baxmayaraq, bu məqalə çap edilməmişdir. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çox yəqin ki, M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır. O yazır:
"Müsavat" partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M. Ə. Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhim bəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə M. Ə. Rəsulzadə ilə təmasda olmuşlar. Məhəmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir.
Adolf Hitlerə münasibəti= M.Ə.Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya höküməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva Böyükelçisi,Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub.M.Ə.Rəsulzadənin Almaniya höküməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyininn Almaniya höküməti tərəfindən qəbul edilməsi idi.Bununla əlaqədar o,Almaniyada olarkən "Milli Azərbaycan Komitəsi"ni yaratmış,Almaniya höküməti ilə danışıqlar aparmışdı.Lakin Hitler "komitələr" deyil,məhdud səlahiyyətli "milli komisiyalar" yaratmağa üstünlük vermişdi.
Hitlerə və onun faşist ideologiyasına olan münasibətini isə M.Ə.Rəsulzadə belə bildirdi :
"Hitlerçilik hər şeydən əvvəl komunizm demaqogiyasıa qarşı çıxış etmək üçün yaranmış bir ideyadır.O,faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş,lakin oradakı beynəlmiləlçiyi millətçiliklə əvəz etmişdir".
Almaniyada 1932-1934-cü illərdə nəşr edilən "Demokrasi və Sovetlər" məqaləsində isə M.Ə.Rəsulzadə faşizmə münasibətini belə açıqlayırdı:
"Daxildə xaricdəki düşmənlərinin qənaətincə,Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş,təsisinə başladığı idarə İtaliyada olduğu kimi,faşist diktatorluğu imiş."
Ədəbi fəaliyyəti= Rəsulzadənin Türkiyədə çıxardığı "İstiklal" dərgisi
M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs" adlı ilk əsəri "Şərqi rus" qəzetində çap olunmuşdur. Ə.Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun "TÜRK-rus və rus=TÜRK lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.
1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamışdır. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır.
M.Ə.Rəsulzadə Türkiyədə olarkən "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil – ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
Bundan başqa, o proletar ədibi M.Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əliabbas Müznibin redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan "Dirilik"-in birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifələrində çap etdirdiyi "Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan qayəsini" yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş ""Müsavat" partiyası keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya "1917-ci ilə qədər Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü". Bu fikir özü-özülüyündə yanlış idi. Çünki Rəsulzadə 1911-ci ildə İstanbulda "Türk yurdu" jurnalında çap etdirdiyi "İran türkləri" məqaləsində Azərbaycan anlayışının həmçinin Qafqaz hissəsinə də aid olmasını qeyd etmişdir.
Onun "MAR", "MAR-zadə", "M.R-zadə" "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.
Mühacirət dövrü=M.Ə.Rəsulzadə (aşağıdan mərkəzdə) mühacir illərində
1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.
1923-ci ildə İstanbulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" kitabı çap edilir. "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-27-ci illərdə onun redaktorluğu ilə İstanbulda "Yeni Qafqasya" jurnalı nəşrə başlayır, ancaq Moskvanın tələbi ilə kamalist hökümət jurnalı bağlayır və Rəsulzadə Avropaya getməyə məcbur olur, Varşava və Berlində yaşayır.
M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.
1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında "Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid" məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri yerləşdirilmişdir. Təkcə buradan M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığına bələd olmaq olar. O, İkinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz" (1932-1938) və fransızca buraxılan "Prometey" (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M. Əlif Rəsulzadə" və s. qeyd etmək olar.
Rəsulzadə ömrünün sonlarına yaxın 1951-ci il 26 avqust,1952-ci il,1953-cü il 28 may olmaqla Azərbaycan xalqına 3 dəfə müraciət etmişdir.
1951-ci il 26 avqust= "Mən Məhəmməd Əmin Rəsulzadə "Amerkanın Səsi" radiosundan danışıram.Həsrətini çəkdiyimiz əziz Vətənnə xitab edə bilmək üçün buna mütəşəkkirəm.Bu radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokrasi fikirlərini yayır.Bu fikirlər başlıca 2 əsasa dayanır:İnsanlara azadlıq,millətlərə istiqlal!
"Bundan 33 il əvvəl Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çöktü;Vətənimizi istila və istibdadı altında tutan rusiya İmperatorluğu dağıldı.Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər:milli və müstəqil bir Cümhuriyyət qurdular...
Demokratiyanın bu yüksəs əsaslarını həyata keçirmək üçü qurulan milli hökümət iki il yaşadı.Tariximizin ən şanlı dövrünü təşkil edən bu qısa müddətdə,hərbdən və hərc-mərcdən çıxan yurdumuzda əmniyyət və asayiş bərpa edildi.Lazım olan zabit və ədalət müəssəsələri qurtuldu.Sosial reformlara girişildi.Milli maarifə əhəmiyyət verildi.Mədəniyyət dünyası ilə təmasa gəlindi.Qonşularla yaxşı münasibətlər təsis olundu.Nəticədə Böyük Avropa dövlətləri və Birləşik Amerika tərəfindən Cümhuriyyətimizin istiqlalı tanındı;Lenin və Stalinin imzaları ilə müsəlman millətlərinə sözdə hürriyyət və istiqlal vəd edən bolşeviklər işdə türk və müsəlman dünyasında qurulan ilk cümhuriyyəti Qızıl Ordunun üstün qüvvələri ilə zorladılar.Xalqımız təcavüzə qarşı var qüvvəti ilə savaşdı;fəqət,heyhat məğlub oldu.Nəticədə milli ordunu dağıtdılar,milli ziyalıları kəsdilər,milli sərvəti yağma edərək Moskvaya götürdülər.Bir sözlə məmləkəti sovetləşdirdilər.
Tarixin ən qəddar bir istibdadını quran bolşeviklər sovet rejiminə utanmadan demokratiya deyirlər.Sovetlərlə həqiqi demokratiya arasında yerdən göyə qədər fərq vardır,vətəndaşlar!
Əziz Azərbaycanlılar!Bütün dünyadan əlaqəniz kəsilmiş və təklənmişsiniz.Ətrafınızda sizi xarici aləmdən ayıran dəmir bir pərdə vardır.Başınız min bir bəla və fəlakətlər içindədir.Bu bəlalı və fəlakətli yaşayışı bolşevik propaqandaçıları sizə ideal bir həyat kimi qələmə verirlər.Sovetlər xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən ibarət bir həyat kimi təsvir edirlər.İnanmayınız qardaşlar!Dünyada asudə yaşayan,qorxu bilməyən azad insanlar,aad millətlər və müstəqil dövlətlər vardır.Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə,nə vicdanına,nə də imanına təsəllüd edən yoxdur.Azad insanların birliyindən ibarət olan müstəqil millətlər öz-özlərini idarə edirlər.
Azadlıq və milli istiqlal prinsiplərini bundan 175 il əvvəl Amerika,33 il əvvəl də Azərbaycan bəyannaməsi elan etmişdilər.Bütün dünyanın səadəti kimi Azərbaycanın xilası da bu əsasların tamamilə gərçəkləşməsinə bağlıdır.Təkrar edirəm-İnsanlara azadlıq,Millətlərə istiqlal!
1952-ci il 28 may= Əziz vətəndaşlar! Bu gün sizə Azərbaycan tarixinin ən böyük günü münasibəti ilə xitab edirəm.34 il əvvəl bu gün Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətini qurdu və istiqlalı bütün dünyaya bildirdi.Bu böyük hadisə ilə biz 100 il sürən çar əsirliyindən qurtulduq.Azərbaycan milləti bu gündən etibarən dünya dövlətləri arasında müstəqil bir mövqe tutmağa əzm etdi.
Azərbaycanın 19-cu əsrin başlarında rusiya çarlığına qarşı göstərdiyi mübarizə həyəcanlı səhnələrlə doludur.Cavad xanın rus işğalçılarına qarşı "ölmək var,dönmək yoxdur" deyərək şəhid olması Azərbaycan mərdliyinin bir nümunəsidir.
Tarixin hər dövründə iləri fikirləri mənimsəyən Azərbaycan xalqı əsrimizin hakim ideologiyasına uyaraq qurduğu müstəqil dövlətə cümhuriyyət şəklini verdi.Türk və müsəlman dünyasının birinci cümhuriyyəti Milli Şura tərəfindən nəşr olunan istiqlal bəyannaməsindəki əsas prinsiplər üzərində quruldu.Bu prinsiplərə görə:
1-Azərbaycan xalqı hakimiyət haqqına malik,Azərbaycan da tam hüquqlu bir dövlətdir
2-Müstəqil Azərbaycan dövlətinin idarə şəkli xalq cümhuriyətidir.
3-Azərbaycan xalq cümhuriyəti bütün millətlər,xüsusəndə qonşulu millət və dövlətlərlə yaxşı münasibətlər qurmaqdadır.
4-Azərbaycan xaql cümhuriyəti millət,məzhəb,sinfi və cinsi fərqi gözləmədən hüdudları içində yaşayan bütün vətəndaşlarına siyasi və mədəni hüquqları təmin edir.
1953-cü il 28 may= Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşib və bu, irəli dünya demokratiyası tərəfindən də təqdirlə qarşılanırdı. Yüz ildən bəri üstümüzə çökən istibdad və istila həyulatı artıq bizdən uzaqlaşırdı. Heyhat, qədərin imtanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Azadlıq və istiqlalımız qızıl istilaçıların qanlı ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı.
Bundan bir ay əvvəl 28 apreldə sovet propaqandçıları bu fahiş istila hadisəsini sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə sizə dünyanın ən azad və ən demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə dərəcədə doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar şəbbərə kimidirlər, günəşdən qaçarlar.
Azərbaycan və onunla bərabər bütün Qafqasiya cumhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular. 1920-də isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basırıldı. Faciələr və qəhrəmanlarla dolu olan mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtılə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir.
Yabançı istilaçı üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasiya emiqrantları milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyətinə anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə, kommunist rejiminə düşən millətlərin hər cürə haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox kolay olmamışdır. Şükür ki hadisələr bizə kömək edir. Dünya sovet həqitətini görməyə başlayıb. Səkkiz ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir dövlət halında ayaqda durduqca və dünya inqilab atəşi ilə yandırmaq üçün kibrit çəkdikcə yer üzündə heç zaman sülh və asayiş qurula bilməyəcəkdir. Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz.
1918 mayısındakı tarixi qərarları ilə azadlıq sevən birləşmiş millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır. rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanınsa bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi-stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikdə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqqla batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar.
Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: = Tarixi çıxışı=SƏN BİZİMLƏSƏN,BİZİMLƏSƏN,DURDUQCA BƏDƏNDƏ CAN,YAŞA,YAŞA,ÇOX YAŞA EY ŞANLI AZƏRBAYCAN !
Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin RƏSULZADƏ 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı. Martın 8-də Ankaranın Hacı Bayram məscidində M.Ə.Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayandılar.
Комментарии 5