Bakıda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II BÜTÖV AZƏRBAYCAN FORUMU keçirildi
17.12.2022-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə "Astoria Bakı" otelinin konfrans salonunda "II Bütöv Azərbaycan Forumu" keçirildi.
Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Güneyli-Quzeyli Bütöv Azərbaycanın problemlərinə vahid müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır.
İlk öncə Bütöv Azərbaycan Ocaqlarının başqanı Zahir Əlisoy iştirakçıları salamlayaraq, dəvəti qəbul edib gəldikləri üçün BAO adından təşəkkürünü bildirdi və Forumu açıq elan etdi. Daha sonra Azərbaycanın dövlət himni səsləndirildikdən və BAO-nun dünyasını dəyişən üzvlərinin - Dilavər Əzimli və Ənvər Börüsoyun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra BAO başqanı Zahir Əlisoy çıxışında Güneyli-Quzeyli Bütöv Azərbaycanın ayrılmaz hissələri olan Dərbəndin, Borçalının, Mosul-Kərkükün, Qaşqayı yurdunun, Qərbi Azərbaycanın, ümumilikdə Azərbaycanın güneyinin problemlərinə toxunaraq, hazırda İran adlanan dövlətin dağılma prosesinin başlandığını və bizim də buna hazır olmağımızın vacib olduğunu bildirdi.
BAO-da forumun keçirilməsi ilə bağlı yaradılmış təşkilat komitəsi tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı ölkə rəhbərliyinə və beynəlxalq təşkilatlara müraciət edilməsi üçün ilkin forma olaraq 4 istiqamətdə sənəd hazırlandığını və bununla bağlı iştirakçıların da fikir və əlavələrini bildirilməsinin önəmli olduğu iştirakçıların diqqətinə çatdırıldı.
Bundan başqa keçirilən forumun əsas məqsədlərindən birinin Azərbaycan Güneyində baş gedən proseslər ilə bağlı bütün Güneyli-Quzeyli, Doğulu-Batılı Azərbaycan bütün təşkilatlarının, partiyaların, düşüncə insanlarının, ziyalıların, bir sözlə siyasi mövqeyindən, dini baxışından asılı olmadan bütün dava insanlarının bir nöqtədə bərabər hüquqlu mərkəzləşməsi, atılacaq addımların effektivliyini artırmaq məqsədilə Koordinasiya Mərkəzi(ad şərtidir) yaradılması olduğunu forum iştirakçılarının diqqətinə çatdırdı.
Tədbir iştirakçılarından Şusa-Xankəndi yolunda hal-hazırda davam edən aksiyaya dəstək ilə bağlı müraciət edilməsi üçün irəli sürülən təklif də gündəliyə qəbul olundu.
Bununla bağlı BAO başqanı Zahir Əlisoy Şusa-Xankəndi yolunda keçirilən aksiyaların elə ilk günündə onlara BAO tərəfindən dəstəkləndiyi barədə bəyanat verildiyini də bildirdi.
Daha sonra çıxışçılara söz verildi.
GADP başqanı Mahmud Bilgin:
Bu gün, yəni 17 Azər tarixində, Azərbaycanın güneyində soyqırım törədildiyini və bu soyqırım nəticəsində 36 min adamın soyqırıma məruz qaldığı və bununla bağlı 30 ildi millətləşmə çabalarının göstərdiyini qeyd etdi.
Azərbaycanın güneyində baş verən prosseslərdə media vasitələri olduğu üçün farsların, başqa dəstək formaları olduğu üçün bəlucların daha güclü təşkilatlandığını, türklərin isə təşkilatlanma prossesinin çox zəif olduğunu bildirdi.
Hazırda İran adlanan ölkədə baş verən son prosseslərdə isə diqqətlərin siyasi partiya və təşkilatlara yönəldiyi zaman hesaba alınmayan bir şey baş verdi. Bu dəfə siyasi təşkilatlara, partiyalara bağlı olmayan, sadə xalq, əsasən də gənclər, uşaqlar və qadınlar daha aktiv rol oynadığını diqqətə çatdırdı.
Kamran Ramazanlı: Borçalıda hal-hazırda əvvəl mövcud olmuş 206 məktəbdən 106-sının, 8 min müəllimdən ceni 3 mininin qald6 Məqsədli şəkildə Türk dili tədrisini azaldaraq rus və ingilis dillərində tədrisi artırıblar.
GAMDT sədri Məcid Araz: Güney Azərbaycanda bölgələrini farslar ələ keçirir. Media olaraq güclənməliyik. Sizdən gözləntimiz güney mediasına yardım etməkdir. Kordinasiya şurası önəmlidir. Orada Millət vəkillərinin də olması önəmlidir.
Millət vəkili Fəzail Ağamalı: Gec-tez İranın dağılması, ya da dəyişilməsi qaçılmazdır. Biz birinci variant sürətləndirməliyik. Hədəfimiz budur. Mən də hesab edirəm ki, Kordinasiya şurası yaradılmalıdır. Eyni zamanda fars və ingilis dillərində telekanallar açılmalıdır. Güney Azərbaycan Mühacir hökumətini yarada bilərik.
GAMQH Eldar Qaradağlı (onlayn): Güney Azərbaycan milli azadlıq hərəkatını irəli aparmaq üçün maliyyə dəstəyinə ehtiyacımız var. Eyni zamanda, bununla bağlı media lazımdı.
Əirza bəy Zamanlı: Azərbaycanın güneyi ilə bağlı xəbərlar əsasən Bakıdan yayılır. Güneylə bağlı xəbərlər farsca da yayılsa yaxşı olar. Burdakı güneylilərin durumu yaxşı deyil. Kordinasiya Şurası tezliklə yaranmalıdır.
Millət vəkili Ceyhun Məmmədov: Çox vacib tədbirdir. Bilirik ki, Dünya azərbaycanlılarının problemləri var. Bu gün isə əsas məsələ Güney Azərbaycanla bağlıdır. Ona görə də Kordinasiyalı fəaliyyət önəmlidir.
Millət vəkili Razi Nurullayev: Mən hesab edirəm ki, Kordinasiya şurası lazımdır. Bu mübarizəni illərdir aparırıq. Danışıqlar üçün həm yerli, həm regional və vahid beynəlxalq təşkilat lazımdır.
Firudin Ağasıoğlu: Azərbaycan türklərinin qarşısında ciddi problemlər var. Bütün bunların həlli üçün strateji araşdırma mərkəzi yaradılmalıdır. Güney Azərbaycanla Türkiyə arasında “Kürd” zolağı yaratmağa çalışırlar. Bunu, qəbul etmək mümkün deyil.
Bünyamin Qənbərli: Güney Azərbaycanla bağlı Təhsil layihələrih həyata keçirilməlidir və kadrlar hazırlanmalıdır. Koordinasiya şurası isə iş görmək üçün yaradılmalıdır.
Faiq Ələkbərli (BAO): BAO olaraq əsas məqsədimiz Azərbaycanın bütövlüyünə, yəni Bütöv Azərbaycan dövlətinə nail olmaqdır. Əlbəttə, bu yolda fərqli baxışların olması təbiidir. Ancaq biz, BAO olaraq daim Azərbaycanın gec-tez bütövlüyünə nail olacağına inanmışıq. Bu forumu keçirməkdə də məqsədimiz onun daha qısa müddətdə gerçəkləşməsi yollarını axtarıb tapmaqdır.
Forumda eyni zamanda ADF-dən Abdulla Haşimi Cavanşir, İTC-dən Paşa Həsənli, AMİP-dən Teyyub İsmayıl, BAO fəalı Natiq Ulubəy, tarixçi alim Boran Əziz, güneyli fəal Tohid Cavadi, AMDT üzvü Müctəba Nəcəfi, ictimai-siyasi fəal Mehman Əhməd və b. da mövzu ətrafında çıxışlar etdilər.
BAO-nun Mətbuat Xidməti.
Bakı, 17.12.2022
Нет комментариев