"Füruzə xanımın həyat yoldaşı ilə birgə şəklidir. Gözündəki kədərə baxın. Füruzə xanımı o kədər böyütmüşdü. O kədər 1941-ci ilin yayında atası Damad bəy həbs ediləndə çökmüşdü gözlərinə. Sonra noyabrın soyugunda sürgünə göndəriləndə, anasının ağır işlərdə işlədildikcə çəkdiyi iztirabları izləyəndə, balaca və çəlimsiz canı ilə ona yardım etmək istədiyi vaxtlarda, onun bacısı İşvə ilə birgə donub öldüyünü görəndə, Rəsulzadənin qızı olduğu üçün nəşinə kimsənin yaxın durmadığı bir həftədə, əbədiyyət qədər çəkən zamanlarda o kədər 10 yaşlı Füruzənin gözlərində özünə ömürlük yer eləmişdi. Mən Füruzə xanımı elə gözündəki o kədərlə xatırlayıram. Danışırdı ki, uşaq evində onlara-atası-anası sürgün edilmiş balacalara Lenin, Stalin haqqında şeirlər öyrədirmişlər. Cümhuriyyət quran babasına görə olmazın zülmlər çəkən Füruzəyə də bütün repressiya edilmiş ailələrin yetim qalmış uşaqları kimi cəllad Stalinə, bolşevizmə, komsomola, oktyabryata həsr edilmiş şeirləri əzbərlədirmişlər. Bayramların birində uşaq evinin sakinlərinə isti palto və şirniyyat veribmişlər. Deyirdi ki, bayram bitəndən sonra paltonu əlimizdən aldılar, amma şirniyyatı yedik, bu da inanılmaz bir səadət idi bizim üçün. Danışırdı ki, qarın içində uzaq bir məsafədən gedib su daşıyırdıq, əvəzində bizə bir qaşıq horra kimi bir şey verirdilər, acından ölməmək üçün buna da sükür edirdik. Məhəmməd Əmin Rəsulzadənin böyük qızı Lətifə xanımın ailəsindən sağ qalan bir tək o idi. Onu tapıb Bakıya gətirən dayısı Azər bəy olmuşdu. Azər bəylə məktublaşmaları var, o məktublarda o qədər həsrət, o qədər möhnət var ki...Mən onların həyat hekayəsini gəncliyə ötürmək üçün dönə-dönə yazmışam. İstəyirəm ki, gənclik istiqlalın, dövlətin, bayrağın bizə hansı fədakarlıqlar, hansı şəxsi qurbanlar bahasına başa gəldiyini, gerçək tarixi bilsin. Bu gün Füruzə xanımın doğum günüdür. "Xalq düşməni"nin qızı kimi 1941-ci ildə repressiya olunmuş Füruzə xanım Cümhuriyyətin qurucusu, milli ideoloqu Məhəmməd Əmin Rəsulzadənin ilk nəvəsi idi. Vətəndən uzaqda dünyasını dəyişən babası, məzarı bilinməyən bütün doğmaları ilə birgə sevgi, minnətdarlıq və ehtiramla xatırlayıram".
Nəcibə Bağırzadə
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев