Əslən Qubadlının Gürcülü kəndindədirlər. Atası Nəzər Heydərov Ağdaşda işləyirdi. Tezliklə Bakıya təyinat aldı və Arif də Bakıda böyüdü. Nəzər Heydərov 1949-1954-cü illərdə Azərbaycan SSRİ Ali sovetinin sədri kimi yüksək vəzifə tutdu. Amma Stalinin ölümündən sonra Mircəfər Bağırovun bütün yaxın ətrafı kimi vəzifəsini itirdi.
Arif Heydərov 1942-ci ildə əmək fəaliyyətinə başlayıb – neft mədənində çilingər işləyib. Bir il sonra Moskvaya kəşfiyyat məktəbində oxumağa göndərilib. 1944-cü ildə buranı bitirdikdən sonra kəşfiyyatçı zabit kimi müharibədə iştirak edib. Müharibədən sonrakı iki il ərzində Şərqi Almaniyada və Polşada operativ xidmət aparıb.
1947-ci ildə Azərbaycana qayıdır və təhlükəsizlik nazirliyində fəaliyyətə başlayır. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil alır. Deyilənlərə görə, məhz burada Heydər Əliyevlə tanış və yaxın dost olur. Bu da onun sonralar daxili işlər naziri təyin olunmasında əsas rol oynayır.
1967-1970-ci illərdə Arif Heydərov Türkiyədə SSRİ-nin konsulu vəzifəsini tutur, əslində isə sovet kəşfiyyatının buradakı rezidenti idi.
1969-cu ildə Azərbaycan Kommunist partiyasının birinci katibi təyin olunan Heydər Əliyev bir il sonra köhnə dostunu və KQB həmkarını Bakıya gətirir və daxili işlər naziri edir.
1978-ci il iyunun 29-da, 52-ci doğum gününün sabahısı general-leytenant Arif Heydərov öz kabinetində müavini, Sovet İttifaqı Qəhrəmanı general-mayor Səlahəddin Kazımovla birlikdə qətlə yetirildi.
Qatil Ziya Muradov Şuşa həbsxanasının zabiti idi (o zaman həbsxanalar DİN tabeliyində idi). O, evsiz olduğundan həbsxananın klubunda yaşayırdı. Münasib şərait olmadığı üçün ailəsindən ayrı düşmüşdü. Dəfələrlə nazirliyə müraciət edərək mənzillə təmin edilməsini və ya başqa şəhərə keçirilməsini xahiş edirdi. Amma bu xahişlər yerinə yetirilmir. O zaman gəzən söhbətlərə görə, nazir müavini Səlahəddin Kazımov süründürməçiliyə yol verir, zabitdən rüşvət tələb edir. Ziya Muradovun da əsas iradı müavinə idi.
Hər şeydən bezən və artıq psixoloji sarsıntı yaşayan Ziya Muradov 1978-ci il iyunun 29-da xidməti silahını götürərək nazirliyə gəlir. Burada Səlahəddin Kazimovun nazirin otağında müşavirə keçirdiyini öyrənir və oraya yollanır. Qəbul otağında nazirin köməkçisi polkovnik Əziz Səfixanovu qətlə yetirir və kabinetə daxil olur.
O, burada Səlahəddin Kazımovu güllələyir. Ehtimal olunur ki, nazirə zərər vurmaq fikri yox imiş. Amma Arif Heydərovun stolun gözündən silah çıxarmaq istədiyini görəndə onu da vurur. Kabinetdəki digər şəxslərlə işi olmayan Muradov öz ağzına atəş açaraq intihar edir.
Həmin ilin sentyabrında sovet lideri Leonid Brejnev Bakıya gələcəkdi. Nazir və nazir müavini olan iki generalın qətli geniş rezonans doğurur. Xarici radiostansiyalarda hadisədən geniş bəhs edirlər. Amma araşdırmalar cinayətin arxasında hər hansı siyasi qəsdin olmadığını, səbəbin bəsit süründürməçilik olduğunu ortaya çıxarır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1