Suveren Azərbaycan Respublikasının paytaxtı olan müasir Bakı şəhəri yaxın Şərqin ən böyük şəhərlərindən biridir. O, təbii amfiteatr şəkilində 150 kv. km ərazini əhatə edir və dəniz buxtası boyunca təxminən 20 km uzanıb gedir.
Bakı və neft bir-birindən ayrılmayan anlayışlardır. Abşeron yarımadasını əhatə edən neft yataqları fəhlə axınına səbəb olmuşdu. Burada neftçıxarma və neft emalı, energetika, maşınqayırma, kimya, metaltökmə kimi sənaye sahələri inkişaf etmişdi. Xəzərin böyük limanlarından biri olan şəhərdə gəmiqayırma sahəsi də yaranmışdı. Sənaye obyektlərinin ətrafında fəhlə qəsəbələri salınmışdı. 30-cu illərin əvvəllərində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini tramvay, trolleybus və avtobus nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün- metropolitenin tikintisi qərara alındı.
Lakin 1941-1945-ci illərdə baş verən Böyük Vətən müharibəsi bu planların həyata keçməsinə mane olur. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1951-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 km-lik xəttinin inşasına başlanılır. Baş yolun xətləri dəniz sahilindən 500-700 m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi. 1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirir.
1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев