___________________________________________________________
Amerikalı mütəxxəssis Qərbə çağırış edir: "Bu ölkədə siyasi dəyişiklik olmalıdır"
«Bir adamın şıltaqlığından asılı ölkədə uzunmüddətli stabillikdən danışmaq olmaz»
ABŞ Dövlət Departamenti və Milli Demokratiya İnstitutunun keçmiş əməkdaşı Eli Lovely Azərbaycanda hazırkı siyasi-iqtisadi durumu təhlil edib. “Azərbaycanda avtoritar hakimiyyətin mövcudluğu uzunmüddətli investisiyalar üçün təhlükədir” başlıqlı analitik yazıda müəllif Azərbaycanda diktatura rejiminin mövcudluğunu ölkənin stabil gələcəyi baxımından ciddi təhlükə kimi qiymətləndirib. Məqalə “Globalriskinsights” (Qolobal Risk Təhlilləri) təşkilatının saytında yayımlanıb:
***
Azərbaycanda xarici investisiyalar imkanı və geosiyasi məsələlər bu ölkədə siyasi islahatlara dair beynəlxalq çağırışlara üstün gəlir. Ölkə investorlar üçün arzuolunandır. Amma qeyd eləmək lazımdır ki, ölkənin təbii ehtiyatlarına diktator Ilham Əliyev nəzarət edir. Xüsusən, bu vəziyyət neft şirkətlərini çəkindirir.
Əliyevin siyasi sistemə sərt nəzarəti şirkətlərə bürokratik maneələri rahat aşmağa imkan verir. Bu da ölkədə demokratik sistemin olmamasının göstəricisidir. Azərbaycanda parlament Əliyev idarəçiliyinin, heç bir səlahiyyəti olmayan əlavəsidir. Bu qurum qarşısına qoyulan neft müqavilələrini bircə dəfə də geri qaytarmayıb. Hətta təftiş edə də bilmir.
Azərbaycanın enerji ehtiyatları xaricilər üçün cəlbedicidir. Rusiyadan neft asılılığını azaltmaq istəyən Avropa üçün Azərbaycan (Türkiyə vasitəsilə enerji daşıyıcılarının ötürülməsi baxımından) qiymətli alternativ mənbə rolunu oynayır. Amma ölkədəki vəziyyət investorlar üçün stabil ola bilməz. Çünki uzunmüddətli perspektiv baxımından investorlar üçün ciddi problemlər olacaq.
Azərbaycan kimi avtoritar ölkələr mahiyyət etibarilə qeyri-stabil olur. Balanslaşdırılmış sistem, hakimiyyət bölgüsü, qanunun aliliyi, müstəqil məhkəmə sistemi, azad media yoxdursa, inkişafı necə təmin eləmək olar? Digər tərəfdən, avtoritar rəhbər ictimai rəylə hesablaşmadan siyasət aparanda bu cür siyasətin çox pis fəsadları olur.
Daxili qeyri-stabilliyin digər bir səbəbi hakimiyyətin dəyişməməsi, siyasi mübarizənin olmamasıdır. Avtoritar rejimlər sosial etirazlar, siyasi problemlər baş verəndə dərhal repressiyalara əl atır. Son nəticədə ya onlar hakimiyyətdən devrilir, ya da ölkə siyasi-iqtisadi zəlzələlərlə xaosa yuvarlanır. Repressiya illəri ekstremist ünsürləri gücləndirir və onlar vəziyyətə nəzarəti ələ almağa çalışırlar. Bu yerdə Iran yada düşür.
Nəhayət, bir çox hallarda diktatorlar özlərini xalqa borclu saymasalar da, xarici qüvvələrə özlərini borclu bilirlər. Bir adamın şıltaqlığından asılı ölkədə uzunmüddətli stabillikdən danışmaq olmaz.
Azərbaycanda regional və etnik münasibətlər müstəvisində gələcəkdə qeyri-stabillik ehtimalı artır. Qruplar arasında gərginlik nəticəsində kimlərisə müdafiə edən və ya kimlərləsə rəqabətdə olan ekstremist ünsürlər meydana çıxa bilər.
Azərbaycanda siyasi sistemin xarakteri 9 oktyabrda - ölkənin Mərkəzi Seçki Komissiyası hələ səsvermə başlamamış seçkinin nəticələrini mobil proqram vasitəsilə yayanda bir daha üzə çıxdı. Hərçənd, buna heç kim təəccüblənmədi. Artıq on ildir ki, hakimiyyətdə olan Əliyev 84,55 faiz səslə yenidən prezident oldu.
Enerji sektoruna birbaşa xarici investisiyaların axını Əliyev idarəçiliyində olan şəbəkənin himayəsilə həyata keçirilir. Azərbaycanda yürüdülən siyasət nəticəsində ölkə tamamilə neft gəlirlərindən asılı vəziyyətə düşüb. Azərbaycanda uzunmüddətli sabitlik alternativ sənayenin inkişafı, gəlirlərin ədalətli bölüşdürülməsi və demokratik siyasi sistemin qurulmasından asılıdır. Ölkədə dinc və tədrici siyasi transformasiya prosesi getməlidir.
Enerji investorları Qafqazın bu ən böyük ölkəsindən tez və asan gəlir əldə etməyə çalışırlar. Amma yaxşı olardı ki, beynəlxalq ictimaiyyət bu ölkənin gələcəyinə daha fərqli yanaşsın. Potensial enerji mənbəyi kimi Azərbaycanın yeni rolu Avropa üçün bu ölkənin stabil gələcəyinin əhəmiyyətini artırır. Azərbaycanın iqtisadi potensialı böyükdür və bu ölkədə demokratik iqtisadi institutların formalaşması uzunmüddətli stabilliyin yaranması üçün yaxşı perspektivlər açır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1